Gənclər şəhidlərimizi bədii şəkildə yad etdi

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Xatirələrdə yaşayanlar” adlı bədii qiraət müsabiqəsi keçirilib.

 

 İştirakçıların çıxışları mövzuya uyğunluq, səhnə mədəniyyəti, tələffüz bacarığı, intonasiya və emosional təqdimat kimi meyarlar əsasında münsiflər heyəti tərəfindən qiymətləndirilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Səyyar Məmmədov, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrından aktyor Nəsimi Məmmədzadə və aktrisa Şölə Alışarovadan ibarət heyət tərəfindən çıxışlar dinlənilib, ortaq qərar əsasında qaliblər müəyyənləşdirilib.

 

Qiymətləndirmənin nəticəsinə əsasən müsabiqənin qalibi Nail Fərzəliyev olub. Şahnaz Əsgərova ikinci, Mələk Süleymanlı isə  üçüncü yerə layiq görülüb. İlk üç yerin sahibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.

 

Müsabiqənin əsas məqsədi gənclərdə vətənpərvərlik və Vətənə məhəbbət hisslərinin yüksəldilməsi, milli kimlik və dövlətçilik duyğularının gücləndirilməsi, istedadlı gənclərin üzə çıxarılması və bədii qiraətə marağın artırılması olub.